“Müasir dünyada hər bir ölkənin inkişafı. onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir”.
Mehriban Əliyeva
Azərbaycan qadını tarixən müdriklik, müqəddəslik simvolu olub, iti zəkası, dərin düşüncəsi ilə dövlətçilik işində də, mədəni inkişafımızda da müstəsna xidmətlər göstərib.
Atabəylərin Möminə Xatunu və Mehrican Xatunu, XII əsr Şərq İntibahının Azərbaycan ulduzu Məhsəti Gəncəvi, XV əsr Ağqoyunluların Sara Xatunu, Qarabağ Xanlığının sonuncu vərəsəsi– Xan qızı Natəvan, sovet sisteminin fədakar qurucularından və eyni zamanda qurbanlarından biri olmuş Ayna Sultanova, XX əsr Azərbaycan qadınının əldə etdiyi ən yüksək məziyyətləri özündə əks etdirən Zərifə xanım Əliyeva, yeni dövr Azərbaycan elmində önəmli iz buraxmış Aida İmanquliyeva kimi mötəbər xanımlar tariximizin müxtəlif dövrlərində cəmiyyətin və dövlətçiliyin təkamülündə aparıcı qüvvə kimi çıxış etmiş və özlərindən sonrakı nəsillər üçün Azərbaycan qadınının mükəmməl örnəyinə çevrilmişlər.Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan qadınlar təkcə ana deyil, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmurudurlar.
Bu gün ölkəmizdə Birinci vitse-prezident Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası daha aydın görünür. Təsadüfi deyil ki, Mehriban Əliyevanın siyasi-ictimai fəaliyyəti təkcə ölkəmizdə deyil, həm də dünyada Azərbaycan qadınının obrazının formalaşmasında müstəsna rola malikdir.
Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib. Humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xəti ilə daxil olan şəxsiyyətlərdən biridir. Onun bir qadın kimi formalaşdırdığı nəciblik və humanizm ənənələri nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiramla qarşılanır.
Mehriban xanım ölkə xaricində dövlətimizin “zərif gücü”nü, “yumşaq gücü”nü, humanist yanaşmalarını təmsil edərək daxildə formalaşmış və dövlət başçısının ətrafında birləşmiş dəmir yumruğun, xalqın vahidliyinin dünyada təzahürüdür. Xalqın sevimlisinə çevrilən Mehriban xanım Əliyeva Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin uğurla davam etdirilməsində, Prezident İlham Əliyevin “Güclü Azərbaycan” modelinin gerçəkləşdirilməsində müstəsna rolu və mövqeyi olan, modern Azərbaycan qadınını obrazını ölkəmizdə və beynəlxalq aləmdə parlaq surətdə canlandıran, adı dünya gender tarixinə fəxarətlə yazılan liderdir.
Mehriban Əliyeva Azərbaycan Prezidentinin ən yaxın silahdaşı kimi, dövlət başçısı ilə birlikdə Azərbaycan xalqının və Azərbaycan dövlətinin qarşısında duran bütün vəzifələri şərəflə yerinə yetirir. “Ölkəyə və insanlara xidmət edirəmsə, bu, mənim üçün ən yüksək mükafatdır”, – deyən Mehriban xanımın Azərbaycanın ən ali mükafatı – “Heydər Əliyev” Ordeni ilə təltif edilməsi onun əməyinə dövlət səviyyəsində verilən yüksək dəyərin təzahürüdür.
Dünyada ən işgüzar Birinci Xanım kimi tanınan Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyeva böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən fərqli layihələrin müəllifi olaraq saysız insanların mənəvi dostuna çevrilib. Həyata keçirdiyi layihə və proqramlarının əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir. Heydər Əliyev Fondu uğurlu layihələrin müəllifi olaraq, yüksək səviyyəli konfranslarda, festivallarda itşirak edib, eyni zamanda belə miqyaslı tədbirlərə ev sahibliyi edib. Fond qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək üçün fəaliyyətində qətiyyətlidir, israrlıdır. Bu fəaliyyət humanizm meyarına söykənir.
Azərbaycanın Birinci Xanımının genişmiqyaslı proqram və layihələrinin sırasında təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədi də dayanır. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı təhsil sahəsində saysız nailiyyətlərə səbəb olub. Bu layihə çərçivəsində yüzlərlə məktəb, onlarla uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikilib, təmir olunub, yüksək standartlarla təchiz edilib. Belə müasir məktəblər yeni üfüqlər açır, şagirdlər üçün yeni imkanlar yaradır.
Onun “Təhsilə dəstək” layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir.Və təsadüfi deyil ki, Heydər Əliyev Fondu tərəfindən uğurla reallaşdırılan “Təhsilə dəstək” layihəsinin əhatə dairəsi, coğrafiyası gündən-günə genişlənməkdədir. Layihə artıq ölkə miqyasından çıxaraq beynəlxalq humanitar missiyaya çevrilibdir. Azərbaycanın birinci xanımının birbaşa təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi bu baxımdan cəmiyyətdə çox böyük əks-səda doğurub. Ümumilikdə layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və ya yenidən qurulub.Təhsillə bağlı reallaşdırılan irimiqyaslı tədbirlər Mehriban Əliyevanın dünya insanının savadlanmasına xidmət etməklə hansı ölkədə yaşamasından asılı olmayaraq insanlara bir addım yaxın, faydalı olmaq məqsədini özündə ehtiva edir. Və onu təkcə bizlər deyil, digər ölkələrdə reallaşdırdığı layihələrdən bəhrələnən insanlar da özünün doğması kimi qəbul edir. Birinci xanım artıq hamının MEHRİBANI olmağı bacarıb. Azərbaycanın birinci xanımı bütün dəyərli vaxtını, enerjisini məhz insanların nicatına, rifahına, firavanlığına xidmət edən layihələrə yönəldir. Hətta xarici dövlətlərdə belə elmə, təhsilə diqqət göstərir. Belə ki, Fondun təşəbbüsü ilə yəhudi təhsil mərkəzi, fransız məktəbi yaradılıb. Pakistanın Müzəffərabad şəhərində qızlar üçün yeni məktəb tikdirib. Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikilib və ya təmir edilib.
Bu gün bütövlükdə dünyanın, insanlığın bəlkə ən çox ehtiyac duyduğu məsələ xeyirxahlıq və mərhəmətdir.Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada ədalət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərməkdədir.
Bütün imkan və bacarığını insanların yüksək rifahı naminə humanitar proqramların reallaşmasına, Azərbaycanın dünyada sivil ölkə kimi tanınmasına yönəldən Mehriban Əliyeva həm də daim köməyə ehtiyacı olan insanların yanındadır.
İnsanlara bağlılığı onun daxilindən, mənəvi dünyasından, xoş münasibətindən irəli gəlir. Hər zaman elm, təhsil, səhiyyə sahələrində misilsiz xidmətlərinə, həmçinin xeyriyyəçilik xüsusiyyətlərinə görə Mehriban xanım Əliyeva xalqımızın qəlbində, yaddaşlarda, qayğıkeş, xoşməramlı məğrur Azərbaycan qadınının obrazını yaradıb. Çünki onun xidmətlərinin sevinci yüzlərlə insanın ömür səhifəsinə yazılıb, neçə-neçə ailəyə səadət bəxş edib, kimsəsizlərə həyat eşqi verib, onların qəlbində işıqlı sabaha inamı artırıb.
Mehriban xanım Əliyeva bu gün həm də valideyn himayəsindən məhrum olan uşaqların mənəvi anası, böyük dayağıdır. Harada yardıma möhtac biri varsa, o, Mehriban xanımın pənahındadır. Birinci xanım xeyirxah qəlbinin səsi ilə bütün qüvvəsini, zamanını təmənnasız olaraq insanların rifahı, xoşbəxt yaşamı uğrunda sərf edir. Təsadüfi deyil ki, bu gün Azərbaycan Prezidentindən sonra insanların ən çox müraciət etdiyi şəxs məhz Mehriban Əliyevadır. Bu, bir daha insanların Birinci vitse-prezidentə olan tükənməz sevgisinin, etibarının, inamının göstəricisidir.Sevgi və hörmət elə bir duyğudur ki, kimsə onu zorla və ya sifarişlə əldə edə bilməz. Sevgi və hörmət insanın öz şəxsi keyfiyyətləri, xarakter özəllikləri əsasında qazanılır. Xalq onun mərhəmətini, şəfqətini, diqqətini, qayğısını sevdi. Mehriban xanım əyilib yaşlı bir ananın qarşısında diz çökəndə, bir şəhid anasını qucaqlayıb, ürəyi onunla birlikdə yananda, ağbirçək bir nənənin əllərindən öpəndə, şəhid balasını köksünə sıxanda, qazimizin yarasına sığal çəkəndə könlümüzdə taxt qurdu.
44 günlük Vətən Müharibəsində “Sizin Mehriban” imzası ilə xalqa müraciətlərindəki səmimilik, vətənsevərlik, qayğıkeşlik duyğusu hər bir Azərbaycan vətəndaşına onu bir daha sevdirdi və “Bizim Mehriban xanım” adı milyonlarla qəlbə sevgi ilə yazıldı. Bundan əvvəl isə birinci xanım Aprel döyüşləri şəhidlərinə Heydər məscidindəki ehsan zamanı içəri örpəklə daxil olaraq şəhid ana, bacı və qızları ilə bir sırada əyləşib onların dərdlərinə şərik çıxması ilə Vətən yolunda qurban gedənlərə hörmət və qayğını ən yüksək səviyyədə ifadə edirdi. Şəhid analarının, ailələrinin dərdinə şərik olan birinci xanım öncə xalqı ilə bir kədərin, daha sonra isə Zəfərin daşıyıcısı kimi davrandı. Bu ali ehtiramda, ülvi ünsiyyətdə mərhəmətli bir ana ürəyinin, qayğıkeş siyasi xadimin milli xarakteri inikas olunurdu.30 illik işğaldan sonra torpaqlarımızın addım-addım düşməndən təmizləndiyi o qürur dolu günlərdə Birinci vitse-prezident öz qəhrəman övladlarının igidliyi ilə öyünən, nisgilli yurdlarımızın azadlığına sevinib fərəhlənən, eyni zamanda həm də döyüş meydanındakı övladlarımızın taleyinə görə həssas ana qəlbi ilə həyəcan keçirən, onların bu haqq savaşını sağ-salamat başa çatdırıb Zəfərlə geri dönməsini arzulayan, şəhid məzarları önündə, yaralanmış oğullarımızın mətinliyi, iradəsi qarşısında göz yaşlarını boğa bilməyən Azərbaycan analarının ümumi obrazı idi.
Torpaqlarımız 30 illik erməni işğalından azad edildikdən sonra müzəffər Ali Baş Komandanın o bölgələrə bütün səfərlərində Mehriban xanım həmişə Prezidentin yanında oldu.
Erməni vandalları tərəfindən tamam dağıdılmış Ağdamın yegənə salamat tikilisi olan Cümə məscidinin ziyarəti, orada şəhidlərimizin ruhuna dualar oxunması və məscidə müqəddəs Qurani-Kərimin bağışlanması zamanı da, təkcə tariximizin deyil, həm də ruhumuzun birliyinin abidəsi olan Xudafərin körpüsünün ziyarəti vaxtı da, müqəddəs Şuşamızda Novruz tonqalı qalananda da, “Xarı bülbül” festivalı keçiriləndə də, Zəngilanda ağıllı kənd layihəsinin, Fizulidə, Laçında hava limanlarının təməli qoyulanda da, 3260 metr hündürlüyündə Murovdağ zirvəsini aşıb Kəlbəcərə gedəndə də Mehriban xanım bir qoruyucu mələk kimi həyat yoldaşının- Prezident İlham Əliyevin yanında oldu. Şəhid olaraq bu torpağa qarışan hər bir vətən oğlu üçün kövrələn, hər bir şəhid anası ilə ağlayan, ayağını itirən qazimizə dayaq olan, qolunu itirənin yanında olan, etibarlı məsləkdaşlığı ilə bu gün azad olunmuş torpaqlarımızı əsgər geyimində gəzən, Şuşada Azərbaycan muğamını dinləyən, Cıdır düzündə süfrə açıb Novruz tonqalının işığında xalqla bayramlaşan xalqın Mehribanı…
Azərbaycan Respublikasının Prezidenti özünün idarə etdiyi avtomobildə Mehriban xanım Əliyeva ilə birgə artıq işğaldan azad olunan yurdlarımıza səfər edir, yolboyu bu səfərlərdən sosial şəbəkələrdə çox maraqlı videogörüntülər paylaşır. Onu sevgi ilə izləyənləri “Sizin Mehriban” kəlmələri ilə salamlayır və onun cəmiyyətimizə müraciətləri bu iki kəlmə ilə tamamlanır.Ən maraqlısı budur ki, o gözəl yerləri biz ilk olaraq Mehriban xanımın telefonunun kamerasından, onun çəkdiyi videolardan görmüşük və cənab Prezidentin şərhini dinləmişik. Hər birimiz işğaldan azad olunmuş torpaqları məhz Mehriban xanımın gözündən, obyektivindən izləməyi sevdik. O, bütün rəsmi simalarını bir kənara qoyaraq işğaldan azad olunmuş torpaqları, orada həyata keçirilmiş olan erməni vandalizmini və yeni qurulacaq şəhərlərin planlarını öz sosial şəbəkə səhifələrindən paylaşmaqla dünyanın hər yerindən on minlərlə insanın diqqətini məhz bu torpaqlara, ərazilərə çəkir. Dövlət başçısı bir zamanlar bizə xəyal kimi görünən uzaq arzuları həyata keçirdi. Real əmələ, parlaq nəticələrə əsaslanan fəaliyyətlə keçmişin möhkəm təməlləri üzərində Azərbaycanın bu gününü və gələcəyini yaratdı. Xalq Prezident İlham Əliyevi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı öz sevgisi ilə əhatə edir. Əslində, belə bir ucalıq çox az sayda siyasət adamlarına nəsib olur. Bu bir tarixdir, şərəfli günlərimizin tarixidir. Eyni zamanda, bu xalqımızın qəhrəman liderinin və onun ən yaxın silahdaşının–müdrik, mərd və ağıllı xanımının nəsillərə nümunə olacaq qədər ibrətamiz həyat, mübarizə, sevgi, qayğı və məsuliyyət hekayəsidir!
Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban Əliyevanın bu çərçivədə gördüyü işləri təhlil etsək, əmin olarıq ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafı içərisində çox böyük çəkiyə malikdir.
Millətin gələcəyinə, milli intibah prosesinə yeni və dəyərli töhfələrin verilməsinə hesablanmış xoşməramlı missiyaların davam etdirilməsində birinci xanım Mehriban Əliyevaya uğurlar arzulayırıq.Yazımı Mehriban xanım Əliyevanın fəaliyyətini təcəssüm etdirən bu fikirlə bitirmək istərdim: Xalqını sevdiyi qədər xalqı tərəfindən sevilən insan, görkəmli şəxsiyyət.O, Vitse-prezident kimi Mehriban, Ali Baş Komandanın xanımı, ailəsinin Mehribanı, Vətən müharibəsinin Mehribanı,İdmançıların Mehriban dəstəkçisi, Uşaqların Mehriban dostu, Tarixin və mədəniyyətin Mehriban qoruyucusu özünün ifadəsi ilə desək, “Bizim Mehriban”dır…
Pərvanə Bayram qızı Əliyeva